Friday, June 21, 2019

“Baker Tilly” komandası Futzal üzrə Azərbaycan Çempionatında ikinci yerin qalibi oldu

Audit sahəsindəki yüksək peşəkarlığı ilə seçilən “Baker Tilly” şirkəti bu dəfə Futzal üzrə Azərbaycan çempionatında yüksək ustalıq nümayiş etdirdi.

“Azərbaycan Futzal Federasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Futzal üzrə Azərbaycan Çempionatında ikinci liqanın 2018/2019-cu il mövsümünə yekun vuruldu.

Çempionatda ilk dəfə iştirak edən “Baker Tilly” şirkətinin futzal üzrə komandası 114 mümkün xaldan 101 xal toplayaraq, liqanın 2-si oldu.

“Baker Tilly” şirkətinin partnyoru və komandanın rəhbəri Samir Vəliyev komanda üzvlərini təbrik edərək, əldə edilən nəticədən məmnun qaldığını bildirdi.

“Biz bir sıra sahələrdə olduğu kimi, ölkəmizin idman sahəsində də gücümüz çatan qədər faydalı olmağı istərdik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Eyni zamanda, istənilən idman sahəsi bir yarışdır, sonu ya qalibiyyətdir, ya məğlubiyyət. Bir şirkət olaraq biz daim qalib gəlməyə, birinci olmağa can atırıq. Bu isə bizim hər birimizdən ciddi məsuliyyət və peşəkarlıq tələb edir. İnanıram ki, ölkəmizin uğurları artdıqca, bizim də bir şirkət olaraq uğurlarımız bol olacaq”, - qeyd edərək Samir Vəliyev yüksək səviyyəli təşkilatçılığa görə federasiya rəhbərliyinə də təşəkkür etdi.

Məşqçi Arslan Quliyev komandasının uğuru barədə təəssüratlarını bölüşdü:

“Komanda heyətini tanımırdım, nəyə qadir olduqlarını bilmirdim, komanda ilə ilk oyun təcrübəmiz idi, buna baxmayaraq məşqlərdə və oyunlarda komandanın işə yanaşması məni razı saldı. Beləliklə bir debüt etdik və düşünürəm ki, əldə etdiyimiz yüksək göstərici təqdirəlayiqdir. Daha böyük uğurlar üçün belə təcrübələrə ehtiyacımız var idi. Hesab edirəm ki, növbəti mövsümdə daha yaxşı nəticə göstərəcəyik”.

 “Baker Tilly” komandasının liqadakı çıxışını, federasiyanın sədri cənab Xosrov Məmmədov belə təsvir etdi:

“Komanda maraqlı, baxımlı oyunları və gözəl qolları ilə yadda qaldı. Həmçinin, öz qələbələri sayəsində 100 xallıq baryeri aşan iki komandadan biri oldu. “Baker Tilly” və digər komandaların uğurlu çıxışlarına şahidlik edərək, idmanın bu növünün gələcəkdə respublikamızda inkişafına inanırıq”.

“Baker Tilly” – 2007-ci ilin aprel ayından etibarən “Baker Tilly International” şəbəkəsinin müstəqil üzvü olub, bu gün 80-ə yaxın əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və məsləhət xidmətləri göstərən şirkətlər siyahısındadır.

https://www.facebook.com/BakerTillyAzerbaijan/posts/futzal