Saturday, June 24, 2023

Böyük Biznesin Naviqatorları

“Nərgiz” jurnalına verilmiş intervyudan

Böyük biznesin naviqatorları

Konsaltinq nisbətən gənc iqtisadi hadisədir. Ancaq bu gün bu, bazar rəqabətinin fırtınalı dənizində əvəzolunmaz böyük bir biznes sahəsidir. “Baker Tilly Azerbaijan”ın (BTA) partnyoru Samir Vəliyevlə biznesdə uğurun qaydaları, müştərilərlə effektiv qarşılıqlı əlaqə, süni intellektin imkanları və mühasibat balansının həyat ilə arasındakı münasibət haqqında danışdıq.

“Şirkət mədəniyyəti” dedikdə nəyi nəzərdə tutursunuz?

İlk növbədə, işimizdə arxalandığımız əsas dəyərlər. Onlardan komandadakı abu-hava, biznes nəticələr asılıdır, onlar şirkətin fəaliyyət prinsiplərini müəyyənləşdirir. Konsaltinqin xüsusiyyətləri ondan ibarətdir ki, mənəvi, reputasiya kapitalı monetar ilə bərabərdir və bizim prioritet vəzifələrimizdən biri bu nüfuzu gücləndirmək və ona xələl gətirməyəcək şəkildə dəstək olmaqdır. İnanıram ki, şirkətimin mədəniyyəti və dəyərləri şəxsi dəyərlərimi əks etdirməlidir: dürüstlük, görə də mənfəət haqqında deyil, məhsul haqqında effektivliyə maksimum diqqət, keyfiyyətli iş və ən yaxşı nəticə. Layihə yaradarkən və ideyalarımı həyata keçirdikdə heç vaxt pul haqqında düşünmürəm, çünki pulun sahibini tapacağına qəti əminəm, sadəcə mənfəət haqqında deyil, yaratdığın məhsul və ya ideya haqqında düşünməyin daha məqsədəuyğun olduğunu düşünürəm. Mən dünyagörüşünün ailə dəyərlərinə əsaslandığı dövrdə böyümüşəm. Zaman keçdikcə onları yaratdığım şirkətin bünövrəsinə yerləşdirdim. Axı ailə qohum-əqrəba, bir-birini sevən, eşidən, bir-birinə hörmət edən insanlardır ki, hər zaman köməyə gələ bilirlər. Hesab edirəm şirkətimizdə istisnasız olaraq bütün əməkdaşlar üçün, şirkətin inkişaf istiqamətini müəyyən edən birliyi yaratmağa nail oldumuşuq.

Şirkətiniz necə inkişaf edib?

Mən şirkəti iqtisadi yüksəliş zamanı, müştəri sorğularının böyük hissəsinin “Böyük Dördlük” ətrafında cəmləndiyi zaman qurdum. Bazarda münasib qiymətlərlə xidmətlər təklif edən orta səviyyəli şirkətlər yox idi. Uzun müddət çalışdığım Vergilər Nazirliyindən ayrıldıqdan sonra başa düşdüm ki, artan tələbata cavab vermək, yəni ikinci eşalonun boş yerində yüksək standartlara malik brend yaratmaq lazımdır. Əməkdaşlıq üçün ən yaxşı şərtləri mənə Baker Tilly International şəbəkəsi təklif etdi. Nəhəng konsaltinq şirkətlərinin mədəniyyətini şirkətimizdə tətbiq etmək üçün fəaliyyətimizin əsas istiqamətləri olan audit, vergi uçotu və maliyyə konsaltinqi sahəsində təcrübəyə malik “böyük dördlüyün” əməkdaşlarını dəvət etməyə başladım. Hal-hazırda komandamız bu xidmətlər bazarında ən güclülərdən biridir və bunu rəqiblərimiz də təsdiqləyir. Aparıcı korporativ mədəniyyətə malik şirkəti yaratmaq mənə bir iş adamı kimi özümü təkmilləşdirmək, işgüzar əlaqələr şəbəkəsini genişləndirmək, ölkəmizdə biznes maraqları olan əcnəbilərlə əlaqələr qurmaq və öz bacarıqlarımı daha yüksək səviyyədə bəyan etmək imkanını verdi.

Müştəriniz kimdir və BTA ilə əlaqə saxladıqda hansı müştəri gözləntiləri olur?

Bəzi biznes məsələlərini həll etmək üçün tövsiyələrə ehtiyacı olan hər hansı bir şirkət. Konsaltinqin fəlsəfəsi taktika və strategiyalardan asılı olmayaraq müştəri üçün maksimum fayda verməkdir. Biz ilk növbədə müştəri uğurunda maraqlıyıq. Onun sorğusunu dəyərləndirməyə və ona lazım olanın həyata keçirilməsini təklif etməyə çalışırıq: bunun üçün biz bazarı təhlil edirik, şirkət daxilindəki prosesləri öyrənirik, aşkarlanmış problemlərin həlli və çatışmazlıqların aradan qaldırılması üçün effektiv yollar təklif edirik. Bir sözlə, görülməli işlərin siyahısını hazırlayırıq və onların həyata keçirilməsində kömək edirik.

Ən çətin tələblər hansılardır? Müştərinin həmişə haqlı olduğuna inanırsınızmı? 

Müştəri ilə qarşılıqlı əlaqə bir sıra amillərdən ibarətdir. Bir qayda olaraq, biz xüsusi idarəetmə strukturuna malik hüquqi şəxslərlə münasibət qururuq. Müvafiq səlahiyyətə malik əməkdaş ilə ünsiyyətə başlamaq və qarşılıqlı etimad çox vacibdir, bu olmadan  heç bir nəticə əldə edilməyəcək. Bunu xəstənin həkim reseptlərini ciddi şəkildə yerinə yetirməsinə bənzətmək olar ki, bu da yalnız həkim səriştəli olduqda mümkündür. Müştəri öz öhdəliklərini aydın şəkildə anlayanda və vaxtında yerinə yetirdikdə haqlıdır, həmçinin tələblərinin uyğun qaydada icrasını təhlil edə bilir. Müştəri məsləhətçidən nə gözlədiyini konkret olaraq bilmirsə, bu ən çətin məsələyə çevrilir. Biz öz növbəmizdə əməkdaşlığımızın hansı nəticəyə yönəldiyini müştəriyə çatdırmaq üçün resurslar sərf edirik. Eyni zamanda, başa düşmək lazımdır ki, bizim xidmətlərimiz müştəri mənfəətinin "avtomatik" artımına zəmanət vermir, ona görə də əməkdaşlığın bütün məqamları aydın şəkildə göstərilməlidir.

Bir çox peşələrdə insan süni intellektlə əvəzlənir. Bu tendensiya avtomatlaşdırılmış prosesləri geniş miqyasda ehtiva edən konsaltinq sənayesinə də təsir edəcəkmi?

Təbii ki, texnologiyanın tətbiqi bəzi proseslərdə insanın iştirakını azaldır. Lakin konsaltinq zehni işdir, burada müştərilərin sorğularının və istəklərinin yerinə yetirilməsi üçün insan potensialına ehtiyac var. Digər problem süni intellektin edə biləcəyi səhvə görə məsuliyyət məsələsidir. Bu və buna bənzər problemlər həll olunana qədər bizə tələbat qalacaq. Amma ümumiyyətlə dünya texnologiyalarının Azərbaycan bazarında sürətli tətbiqindən danışmaq hələ tezdir. Ölkəmizdə yerli mühasibat proqramı yoxdur, bahalı proqram təminatını isə ala bilmirik, ona görə də Rusiya istehsalı olan proqramdan istifadə edirik. Bu təəsüfləndirici boşluğu doldurmaq üçün yeni məhsulı yaratmağı çoxdan planlaşdırırdım. Son iki il ərzində peşəkar komandamız öz platformamızı “sıfırdan” hazırlayır və hazırda layihə artıq sınaq mərhələsindədir. Bu proqram bank məlumatlarını avtomatik toplayaraq dövlət orqanlarına lazımi bəyannamələri bir neçə dəqiqə ərzində hazırlaya biləcək; elektron qayimələri müqavilələr və digər məlumatlar ilə müqayisə edərək, hesabatları yaratmağa imkan verəcək. Bu, bazarda yüksək faydalılıq faktoru olan ciddi biznes məhsuludur və mənə çox maraqlıdır.

Böhran – yeni imkanlar yaradır. Bu fikirlə razısınızmı? Böhran müəyyən şərtlər çərçivəsində imkanlar yaradır, lakin hər şeydən əvvəl problemdən xəbər verir. Əksər hallarda bu zaman vəziyyətdən təcili çıxmaq prioritetə çevrilir. Hər  hansı bir məhsula və ya yeni nişlərə tələbat yaratdıqda, biznesin təkmilləşdirilməsi ideyaları isə özül tapdıqda, böhran fürsət adlandırıla bilər. 

Lakin bu həmişə belə olmur. Məsələn, pandemiya ilə bağlı böhran xüsusən də səhiyyə sahəsində bir sıra problemlərə səbəb oldu. Əməkdaşları çətin anlarda necə motivasiya etmək, şirkətə dəstək olmaq istəmələrini təmin etmək olarmı? Fərqli dəyər sistemlərinə malik cəmiyyətlərdə fərqli təşviqlər tətbiq olunur. Şirkət davamlı olaraq qeyri-maddi formaları özündə cəmləşdirən kadrların motivasiyası sistemini inkişaf etdirməlidir, çünki həmişə daha böyük məvacib təklif edəcək kimsə olacaq, kadrların axını isə hər hansı bir şirkət üçün arzuolunmazdır. Biz işçilərimizin bacarıqlarının artırılmasına çox səy sərf edirik, onlar üçün ixtisasartırma kursları təşkil edirik, fərdi təlim üçün imkanlar yaradırıq. Bonus sistemini tətbiq edirik: bu, biznes üçün aktual nəticələri əldə etməyi mümkün edir; “360°” metodu əks əlaqə yaratmağa, ayrı-ayrı işçilərin və ya bütün komandanın inkişaf istiqamətlərini müəyyən etməyə və problemləri aşkarlamağa kömək edir. Bizim siyasətimiz işçilərin istəklərinin öyrənilməsini və təhlilini nəzərdə tutur: motivasiya sistemi onların üstünlükləri əsasında qurulur. Heç bir halda işçinin yeganə motivasiyasının pul olduğunu düşünmək olmaz. Araşdırmalara görə, işçilərin təxminən 50% -i ofisdə çevik iş saatı, yemək və əyləncə müqabilində nisbətən aşağı əmək haqqı almağa razıldır. Şirkət daxilində əhval-ruhiyyəni başa düşmək çox vacibdir və bunun üçün daimi dialoq lazımdır. Bu, kollektivin loyal münasibətinə nail olmağın yeganə yoludur ki, bu da çətin dövrdə şirkəti dəstəkləməyə imkan verir. 

Sabitlik məharət əlamətidir, yoxsa deqradasiya?

Çoxluğun arzuladığı budur və məsələ təkcə maliyyə rifahında deyil. Hər kəs sabitlik sağlam, uğurlu olmaq, müntəzəm istirahət etmək və ailəyə vaxt ayırmaq, və təbii ki, daimi gəlir mənbəyinə sahib olmaqla, firəvan həyat sürmək istəyir.  İqtisadi artım və daimi inkişaf olarsa, sabitlik deqradasiya riski ilə durğunluğa çevrilməyəcək. Hər şey insandan asılıdır. Bir şəxs işləməyi, yaratmağı sevirsə, bunu sevgi ilə sabitlik şəraitində də edir. Çox aktiv həyat tərzi keçirən və zehni fəaliyyətlə məşğul olan yaşlı bir yaxın dostum mənə demişdi: "Beyin də əzələlər qədər məşqə ehtiyac duyur", və məncə o, haqlıdır. Əgər insan cəmiyyətə fayda verməyə öyrəşibsə, sabit şəraitdə də bunu edəcək.

"Balans" sözünün mənası nədir? Buna necə nail olmaq mümkündür?

Mənim üçün həyatda tarazlığa nail olmaq məsələsi mühümdür: universal və mühasibat balanslarının bir-birilə necə əlaqəli olması çox maraqlıdır. Mühasibat uçotunda, yeri gəlmişkən, başqa bir vacib termin var: ikili yazılış. Yəni mühasibatlığın ümumi balansını təmin edən debet və kredit tərəfləri var. Həyatda da belədir: istənilən nailiyyət  nəyinsə hesabına baş verir və verilən resursun da müsbət dəyər sistemində olması çox vacibdir. Məsələn, təhsil almaq mənə yuxusuz gecələr başa gəldi, bəzi şeyləri özümə məhdudiyyətlər qoydum, amma bunun müqabilində həyatda mənə kömək edən biliklər əldə etdim. Ailə, maraqlı insanlar, kitab oxumaq, səyahətlər zamanı toplanan təcrübə enerji və vaxt resurslarından formalaşır, daha sonra yeni layihələrə, yaradıcı ideyalara xərclənir. Mənim üçün balansımın passiv hissəsinin öhdəliklərdən ibarət olmaması vacibdir. Belə ki, insan nə qədər çox akademik və praktiki bilik əldə edirsə, onun balansı bir o qədər cəlbedici və zəngin görünür.