Monday, May 06, 2024

UNEC-də BT həftəsi

“Maliyyə və mühasibat” fakültəsində “UNEC-də Baker Tilly həftəsi” adlı layihənin açılış tədbiri keçirilib. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Baker Tilly Audit Azərbaycan” şirkətinin birgə əməkdaşlığı çərçivəsində “Maliyyə və mühasibat” fakültəsinin təşkilatçılığı ilə “UNEC-də Baker Tilly həftəsi” adlı layihənin açılış tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev öz çıxışında  “Baker Tilly Audit Azərbaycan” şirkətinin təşəbbüsünə yüksək qiymət verib və layihənin “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında rolundan bəhs edib. “Baker Tilly Audit Azərbaycan” şirkətinin partnyoru Samir Vəliyev çıxış edərək, şirkətin uğurlu inkişaf yolu, şirkətdə potensial karyera imkanları barəsində ətraflı məlumat verib, təhsil və öz üzərində daim işləməyin vacibliyini vurğulayıb və faydalı tövsiyələrini tələbələrin diqqətinə çatdırıb.

12 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” şirkətinin audit senioru Vaqif Nuriyev çıxış edərək, maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolundan bəhs edib, maliyyə və mühasibat sahəsindəki səciyyəvi nöqsanlar, maliyyə hesabatının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlər, əlaqəli xidmətlərin göstərilməsinin ümumi qaydaları, tələblər, tərəflərin məsuliyyəti və əlaqəli xidmətlərin göstərilməsinin və onun nəticələrinin rəsmiləşdirilməsi haqqında geniş məlumat verib.

13 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” Maliyyə və biznes məsləhət xidmətləri üzrə Meneceri Zaur Bayramov çıxış edərək, mürəkkəb maliyyə hədəfləri ilə qarşılaşan, birləşmə və ya satınalma, investisiya qərarlarının alınması kimi inkişaf imkanları, şirkət və ya biznes seqmentərinin yenidən təşkili, fəaliyyətin qiymətləndirilməsi, uzlaşma təhlilləri, biznes və aktivlərin qiymətləndirilməsi və s. ciddi çətinliklərlə üzləşən şirkətlərə kömək və məsləhət xidmətlərinin göstərilməsi haqqında geniş məlumat verib. 

14 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” şirkətinin vergi məsələləri üzrə baş meneceri Pərvin Abbasov çıxış edərək, şirkətlərdə mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik sənədləri və standartlarla tənzimləndiyini, vergi uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər hüquqi-normativ aktlara əsaslandığını bildirib, onların bir-biri ilə qarşılıqlı əlaqəsini qeyd edib və arasındakı fərqlərin böyük hissəsinin mühasibat və vergi mənfəətinin müəyyənləşdirilməsi zamanı yarandığından bəhs edib.

Şirkətin hüquq məsələləri üzrə meneceri Pərvin Musazadə özünün şirkətdəki rolu, göstərilən xidmətlər, müqavilələrin hazırlanması və hüquqi təhlili, miqrasiya xidmətləri, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müraciətlərin edilməsi, müştərilərin ayrı-ayrı sorğuları əsasında Azərbaycan qanunvericiliyinə əsaslanan məsləhət məktublarının hazırlanması və s barədə qısa məlumat verdi. 

15 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” şirkətinin HR mütəxəssisi Səbinə Qasımova tələbələrə CV-lərin hazırlanması zamanı diqqət ediləsi məqamlar barədə məlumat verib və müsahibələrə yaxşı hazırlaşmağın yollarından bəhs edib. Baker Tilly Akademiyasının direktoru Mətanət Bakirova “Baker Tilly Audit Azərbaycan” şirkəti tərəfindən təklif edilən və şirkət əməkdaşlarına keçirilən təlimlər barədə söz açıb.

“UNEC-də Baker Tilly həftəsi” layihənin Baker Tilly Audit Azərbaycan və UNEC arasında yaradılmış uzunmüddətli layihə olacağı nəzərdə tutulur.