Monday, January 12, 2026

UNEC ilə Baker Tilly arasında əməkdaşlıq memorandumu imzalandı

UNEC-in biznes sektoru ilə növbəti əməkdaşlığı Baker Tilly International şəbəkəsinin Azərbaycandakı nümayəndəsi və ölkənin qabaqcıl audit şirkətlərindən biri olan Baker Tilly Audit Azərbaycan QSC ilə həyata keçirilib.

Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə “Baker Tilly Audit Azərbaycan”ın Təsisçisi və İdarəedici Partnyoru Samir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Görüşdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov universitet–iş dünyası əməkdaşlığında səmərəliliyin artırılmasının vacibliyini vurğulayıb. Rektor UNEC-in biznes sektoru ilə əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirdiyi yeniliklərdən söz açıb, tələbələrin iş dünyasının tələblərinə uyğun bacarıqlar qazanması üçün tədris prosesində tətbiq olunan yenilikləri diqqətə çatdırıb.

Samir Vəliyev məzunu olduğu universitetlə əməkdaşlıq etməkdən məmnunluğunu bildirib. O, UNEC-də son illərdə həyata keçirilən yenilikləri və məzunların iş dünyasına hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Samir Vəliyev hazırda “Baker Tilly”də çalışanların böyük qismini (46%) UNEC məzunlarının təşkil etdiyini vurğulayıb.

Onların bilikləri, peşəkarlığı, innovativ yanaşmaları və çalışqanlıqları ilə daim fərqləndiklərini və UNEC məzunları ilə bir komandada çalışmağın rahat və effektiv olduğunu qeyd edib.

Görüş zamanı hər iki tərəf yaradılan əməkdaşlığın universitet və iş dünyası üçün faydalı nəticələr verəcəyinə dair əminliklərini ifadə ediblər.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə birgə elmi-praktiki fəaliyyətin həyata keçirilməsi, təcrübə mübadiləsi və tələbələrin inkişafına yönəlik müxtəlif layihə və tədbirlərin icrası nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Baker Tilly Həftəsi”, “CEO Talks” görüşlərinin təşkili, “Baker Tilly Auditoriyası” və “Baker Tilly” tələbə qrupunun yaradılması, eləcə də digər birgə təşəbbüslərin reallaşdırılması planlaşdırılıb. Bundan əlavə, şirkətdə çalışan UNEC məzunlarının tələbələrlə görüşləri və karyera sərgilərində iştirakı da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alıb. Bundan əlavə, şirkətdə çalışan UNEC məzunlarının tələbələrlə görüşləri və karyera sərgilərində iştirakı da əməkdaşlığın əsas istiqamətləri sırasına daxildir.