Wednesday, July 29, 2020

Baker Tilly Azerbaijan və CFO Club arasında əməkdaşlıq

Ölkənin aparıcı audit və konsaltinq şirkətlərindən biri olan Baker Tilly Azerbaijan ilə mühasibat uçotu, maliyyə və audit sahəsindəki mütəxəssisləri bir araya gətirən yeni yaradılmış peşəkar icma olan CFO Club Azerbaijan arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanması məqsədilə keçirilmiş görüş zamanı tərəflər gələcək planlar və birgə tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Baker Tilly Azerbaijan şirkətinin direktoru Ziya İbrahimov, bu əməkdaşlığın qarşılıqlı təşəbbüslərlə daha da güclənəcəyinə ümid etdiyini bildirib. O, birgə təşkil olunacaq tədbirlərin, gənc mütəxəssislərin inkişafına dəstəyin və maliyyə sahəsində peşəkar biliklərin paylaşılmasının hər iki tərəf üçün faydalı olacağına inandığını qeyd edib.

Qeyd edək ki, CFO Club Azerbaijan Azərbaycanda maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlar arasında peşəkar inkişafı dəstəkləmək və bilik səviyyəsini yüksəltmək məqsədilə yaradılmış bir icmadır. Klub bu məqsədə kommunikasiya platformaları yaratmaq, inkişaf proqramları təqdim etmək, təcrübə və bilik mübadiləsi üçün müxtəlif tədbirlər təşkil etməklə nail olmağı planlaşdırır.

Fəaliyyətə başladığı ilk həftələr ərzində CFO Club Azerbaijan artıq 2,000-dən çox maliyyə mütəxəssisini öz auditoriyasına cəlb etməyi bacarıb.

Qeyd etmək lazımdır ki, Baker Tilly Azerbaijan, 148 ölkədə 740-a yaxın ofisdə 37,000 nəfərdən ibarət qlobal şəbəkəni birləşdirən Baker Tilly International-ın üzvüdür. Şirkət 14 ildən artıqdır ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərir və hazırda 100-dən çox peşəkar əməkdaşı ilə mühasibat uçotu, audit və konsaltinq xidmətləri sahəsində ölkənin ilk 5 ən böyük və nüfuzlu şirkətindən biri kimi tanınır.