Baker Tilly “Azərbaycan Respublikasının vergi qanunvericiliyində edilmiş dəyişikliklər” mövzusunda seminar keçirib.
Baker Tilly şirkətinin təşkilati dəstəyi ilə 15 yanvar 2020-ci il tarixində Fairmont Baku Hotel-də “Azərbaycan Respublikasının vergi qanunvericiliyində dəyişikliklər” mövzusunda seminar keçirilmişdir.
Seminarın açılış nitqində Baker Tilly şirkətinin Vergi və Hüquqi Məsələlər Departamentinin rəhbəri Nərmin Hacıyeva seminarın məqsədinin müştəriləri Azərbaycan Respublikasının daim təkmilləşən vergi sistemi və qanunvericiliyindəki mühüm dəyişikliklər barədə məlumatlandırmaq olduğunu qeyd etmişdir.
Nərmin Hacıyeva ilə yanaşı, Baker Tilly şirkətinin Partnyoru Samir Vəliyev, vergi departamentinin əməkdaşları Səyavuş Safiyev və Rəşad Göyüşov da seminarda iştirak etmişdir. Onlar vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin məqsədi və digər aspektləri barədə məlumat vermiş, daha sonra tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.
Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən təxminən 100 şirkətin nümayəndələri iştirak etmişdir. Seminarda qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verilmiş, ayrı-ayrı maddələr üzrə ətraflı izahlar təqdim edilmişdir.
Baker Tilly beynəlxalq şəbəkəsinin nümayəndəsi olan Baker Tilly şirkəti 12 ildən artıqdır ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərir və hazırda ölkədə mühasibat uçotu, audit və məsləhət xidmətləri göstərən ən böyük və nüfuzlu ilk 5 konsaltinq şirkətindən biri kimi tanınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Audit sisteminin beynəlxalq təcrübə və standartlara əsaslanaraq təkmilləşdirilməsi maliyyə şəffaflığının təmin edilməsinə və ölkə iqtisadiyyatında büdcə vəsaitlərindən düzgün istifadəyə nail olmaqla Azərbaycanın iqtisadi gücünü artırmağa kömək edəcəkdir.”
Fəaliyyəti dövründə Baker Tilly Azərbaycan Respublikasında audit xidmətləri bazarının genişlənməsini, beynəlxalq audit standartlarına uyğunluğun təmin edilməsini, həmçinin auditin ölkə iqtisadi həyatında rolunun və əhəmiyyətinin daha da gücləndirilməsini dəstəkləmişdir.
Eyni zamanda, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində şirkət elmin və təhsilin inkişafına yönəlmiş bir sıra sosial layihələr də daxil olmaqla, müxtəlif sosial təşəbbüslərdə fəal iştirak edir.
Qeyd edək ki, 147 ölkədə fəaliyyət göstərən və 126 üzv şirkəti birləşdirən Baker Tilly International, gəlirlilik baxımından dünyanın ən böyük 10 mühasibat və konsaltinq şəbəkəsindən biri olaraq, 2007-ci ildən etibarən Azərbaycanda Baker Tilly şirkəti tərəfindən təmsil olunur.