Wednesday, August 10, 2022

SAP və Baker Tilly Azərbaycanda əməkdaşlığa başlayır.

İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən məşhur “SAP SE” şirkətinin Azərbaycan üzrə qızıl tərəfdaşı olan "BMS Global" şirkəti və audit - konsaltinq sahəsində fəaliyyət göstərən "Baker Tilly" şirkəti yaxın günlərdə əməkdaşlığa dair razılığa gəliblər.
Razılığa əsasən Azərbaycanda fəaliyyət göstərən şirkətlərə maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərinin avtomatlaşdırılması üzrə SAP məhsullarının birgə tətbiqinə dair konsaltinq xidmətlərinin göstərilməsi nəzərdə tutulur.  Proqram təminatının tətbiqi maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərində səmərəliliyi və şəffaflığı artırır, xərclərə qənaəti təmin edir.
Baker Tilly International, özündə dünyanın 145 ölkəsində 746 ofisdə 34,713 əməkdaşın çalışdığı 126 üzv şirkəti birləşdirən, ümumi gəliri 3.6 milyard dollar təşkil edən, gəlirlərinə görə və dünyada peşəkar xidmətləri ilə seçilən 9-cu qabaqcıl audit və konsaltinq şirkətləri şəbəkəsidir. Şəbəkə 2007-ci ildən bəri Azərbaycanda Baker Tilly şirkəti ilə təmsil olunur. Baker Tilly hazırda 80-ə yaxın əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 ən böyük audit və məsləhət xidmətləri göstərən şirkətlər sırasındadır. Şirkət audit, vergi, biznes və maliyyə sahəsində məsləhət xidmətləri göstərir.
“BMS Global” şirkəti əsasən texnologiyalar üzrə peşəkar məsləhət xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb və 40-a yaxın əməkdaşı var. Azərbaycanın özəl və dövlət sektorunda mürəkkəb biznes proseslərinin avtomatlaşdırılması üzrə onlarla uğurlu layihəyə imza atan və "SAP" şirkətinin qızıl tərəfdaşı statusunu daşıyan "BMS Global" şirkəti, 14 illik təcrübəsi ilə Azərbaycanın ən iri SAP konsaltinq şirkətidir. Qeyd edək ki, SAP öz məhsulları ilə 47 ildir dünyanın 180-dən çox  ölkəsində 413,000 şirkətə müvəffəqiyyətlə xidmət edir.